CƏLİLABAD ŞƏHƏR ORTA MƏKTƏBİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ
Prezident İlham Əliyev aprelin 9-da 7 nömrəli Cəlilabad şəhər orta məktəbinin tikintisi ilə də tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, 1100 şagird yerlik bu məktəbdə son tamamlama işləri aparılır. Bu təhsil ocağı yüksək standartlara cavab verəcək, sinif otaqlarından əlavə fənn kabinetləri, idman salonu, yeməkxana, idman meydançası, internetə qoşulmuş kompyuter otağı da olacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə görülməsinin, binanın xarici görünüşünün də gözəl olmasının, burada hər bir şəraitin yaradılmasının zəruriliyini xatırlatdı.
Bildirildi ki, rayonun Komanlı kəndində 480 şagird yerlik orta məktəb binası, Burovar kənd orta məktəbi üçün əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Xəlilabad, Şiləvəngə və Zopun kəndlərinin hər birində 260 şagird yerlik orta məktəb binalarının tikintisi üçün yer ayrılmışdır.
Bununla da Azərbaycan Prezidentinin Masallı və Cəlilabad rayonlarına səfəri başa çatdı.