Cəlilabad və ətraf rayonlardan olan 54 sahibkara 573 min manatdan çox güzəştli kredit verilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 10-da Cəlilabad rayonunun Sabirabad kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, forumun əsas məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Cəlilabadda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Ümumilikdə 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının, intensiv çiyələk əkini və emalı, müasir üzümqurutma və kiçik həcmli üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövründə 1106 sahibkara 46,5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2700-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1664 investisiya layihəsinin maliyyələşdirilməsinə 73 milyon manat güzəştli kredit verilmişdir. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz emalı, mebel və tikinti materialları istehsalı müəssisələrinin, üzümçülük və intensiv bağçılıq və tingçilik təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Cəlilabad və ətraf rayonlardan olan 54 sahibkara 573 min manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən heyvandarlıq, arıçılıq, üzümçülük, əkinçilik, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaqdır.
Həmçinin sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Forum çərçivəsində Cəlilabadda güzəştli kredit ayrılmış üzümçülük təsərrüfatlarının fəaliyyətinə baxış keçirilmişdir.