CƏLİLABADDA 2007-Cİ İLİN BİRİNCİ YARISINDA UĞURLU NƏTİCƏLƏR QAZANILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikirlər avqustun 4-də Cəlilabad Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə avqustun 1-də Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olnmuş iclasında ölkəmizin başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar keçirilən müşavirədə səslənmişdir.
Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov 2007-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Azərbaycanda iqtisadiyyatın dünyada oxşarı olmayan sürətlə inkişaf etdiyini və 2007-ci ilin birinci yarısında ümumi daxili məhsul istehsalı artımının 35 faiz təşkil etdiyini diqqətə çatdıran natiq, qazanılan nailiyyətləri son illər respublikamızda aparılan uğurlu iqtisadi islahatların qanunauyğun nəticəsi kimi qiymətləndirmişdir.
Cari ilin birinci yarısında Cəlilabad rayonunda da sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələrin qazanıldığını vurğulayan icra hakimiyyətinin başçısı, altı ay ərzində rayonda 97,5 min ton taxıl, 77202 ton kartof, 17003 ton tərəvəz, 684 ton bostan məhsulları istehsal olunduğunu diqqətə çatdırmışdır.
Bu dövrdə rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində də xeyli iş görülmüş, 1121 yeni iş yeri açılmışdır ki, bunun da 376-sı daimidir.
Qeyd olunmuşdur ki, bu ilin altı ayı ərzində rayonda sosial məsələlərin həllinə də diqqət artırılmış, bir sıra yeni obyektlər tikilib istifadəyə verilmişdir. Cəlilabad şəhərində Heydər Əliyev muzeyi, 5 hektar sahəni əhatə edən Heydər Əliyev seyrəngahı, akademik Zərifə Əliyeva adına 1100 şagird yerlik məktəb binası, xalçaçılıq, trikotaj, çörək və nişasta sexləri istifadəyə verilmiş, mərkəzi avtovağzal binası, qonaq evi, rayon icra hakimiyyətinin və şəhər ərazi nümayəndəliyinin inzibati binaları əsaslı təmir edilmiş, Göytəpə qəsəbəsində, Günəşlı və Sadatlı kəndlərində yeni məktəblərin, Seyidbazar kəndində isə əlavə sinif otaqlarının tikintisi davam etdirilir.
Toplantıda çıxış edənlər 2007-ci ilin birinci yarısında əldə edilmiş nailiyyətlərlə yanaşı, yol verilmiş nöqsanları da ətraflı təhlil etmiş, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Müşavirədə müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.