Cəlilabadda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir
Cəlilabad, 20 yanvar (AZƏRTAC). Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılan abidənin önünə əklillər və gül dəstələri düzərək, istiqlal mücahidlərinin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə 20 Yanvar faciəsinin tariximizin qanlı, eyni zamanda, qəhrəmanlıq səhifəsinin olduğu bildirilmiş, Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən daim qayğı göstərildiyi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində dağılmaqda olan sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək məqsədilə qanlı qırğınlar törətməkdən belə çəkinməmişdir. Belə qanlı hadisələrdən ən dəhşətlisi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmişdir.
Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilmişdir.
Diqqətə çatdırılmışdır ki, bu qanlı hadisəyə ilk dəfə olaraq hüquqi və siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir.
Ulu Öndər 1990-cı il yanvarın 21-də qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri ittiham etmişdir. Qanlı Yanvar faciəsi ilə bağlı ümummilli lider Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat Azərbaycanın tarixində yeni siyasi dövrün başlanğıcını qoymuşdur.
Ehsan süfrəsi ətrafında davam edən tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr və surələr oxunmuş, 20 Yanvar faciəsi və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə maddi yardımlar edilmişdir.