Cenevrədə BMT-nin 70 illiyi münasibətilə “Açıq Gün” təşkil olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də BMT-nin Cenevrə bölməsində - Millətlər Sarayında bu qurumun 70 illik yubileyi münasibətilə “Açıq Gün” tədbiri keçirilib.
Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı Daimi Nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin Cenevrədəki daimi nümayəndəlikləri, nüfuzlu beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, müxtəlif kütləvi informasiya vasitələrinin təmsilçiləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Ümumilikdə 20 mindən çox insanın qatıldığı tədbirdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı Daimi Nümayəndəliyi fəal iştirak edib.
Tədbirdə Azərbaycanın qədim tarixi, əsrarəngiz təbiəti, milli mədəniyyəti, zəngin incəsənəti və mətbəxini özündə əks etdirən əşyalardan ibarət sərgi təşkil olunub. Həmçinin ölkəmizin tarixi, turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitab, broşür və jurnallar, eləcə də digər milli suvenirlər tədbir iştirakçılarına paylanılıb.
Tədbir çərçivəsində Millətlər Sarayının Ariana Parkında “Yenidən doğuluş” (“The Rebirth”) abidəsinin açılışı olub. Məşhur italyan incəsənət xadimi Mikelangelo Pistoletto tərəfindən hazırlanmış abidə cəmiyyətin yenidən doğulmasını - elm və texnologiyanı ehtiva edən yeni dünyanı rəmziləşdirir. BMT-ə hər bir üzv dövlətin adının həkk olunduğu 193 rəmzi daşdan ibarət olan “Yenidən doğuluş” abidəsi üzv dövlətlərin sülh, insan hüquqları və rifaha yönəlmiş birgə öhdəliyini əks etdirən güclü qlobal mesajdır.
Azərbaycan nəcib və xoşməramlı niyyəti özündə əks etdirən “Yenidən doğuluş” abidəsinin ərsəyə gəlməsinə öz maliyyə dəstəyini verib.