Cənub bölgəsində ekoloji tarazlıq antropogen təsirlər nəticəsində pozulur – tədqiqat
Bakı, 8 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının əməkdaşları Masallı, Astara və Lənkəran rayonlarında ekspedisiya tədqiqatları aparıblar. Araşdırmalar nəticəsində müəyyən olunub ki, hidroloji rejimdə baş verən dəyişikliklər sahil landşaftlarının ekoloji vəziyyətinə mənfi təsir göstərir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bildirilib ki, çayların məcrasının dəyişdirilməsi, suvarma sistemlərinin genişləndirilməsi, eləcə də bataqlıq sahələrin, o cümlədən Março bataqlığının qurudulması bölgədə su balansını pozur. Bu isə təbii ekosistemlərin funksional-ekoloji sabitliyinin zəifləməsinə səbəb olur.
Mütəxəssislərin fikrincə, Astara, Lənkəran və Masallı sahillərində urban landşaftların ekoloji vəziyyəti hazırda gərgin qiymətləndirilir. Qeyd olunub ki, region yüksək təbii potensiala malik olsa da, antropogen təsirlər nəticəsində bu potensial tədricən azalır.
Araşdırma zamanı su hövzələrinin çirklənməsi, tullantıların düzgün idarə olunmaması, torpaq deqradasiyası və biomüxtəlifliyin azalması əsas ekoloji problemlər kimi müəyyən edilib.
Məlumata görə, mövcud problemlərin yaranmasında köhnəlmiş infrastruktur, zəif ekoloji nəzarət, qeyri-effektiv urban planlaşdırma və təbii resurslardan qeyri-rasional istifadə əsas amillərdən biridir.