Cənub bölgəsindən yardım dolu yük avtomobilləri qardaş ölkəyə yola salınıb
Lənkəran, 11 fevral, İlkin Adıyev, AZƏRTAC
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir. Digər bölgələr kimi, Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonları da bu yardım aksiyasına qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda ümumi dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü və 1 ton Lənkəran çayını zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə Kahramanmaraş şəhərinə göndərib.
Masallı rayonunda da Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara növbəti yardımların göndərilməsi davam etdirilir. Bu gün səhər saatlarında Masallı şəhərində 187 min manat dəyərində olan müxtəlif ərzaq məhsulları, yataq dəstləri və digər zəruri ləvazimatların olduğu yardımlar qardaş ölkəyə göndərilib.
Astara, Lerik və Yardımlı rayonları da yardım kampaniyasına qoşulub. Müxtəlif adda ərzaq məhsullarından ibarət yük avtomobili Türkiyəyə yola salınıb.
Qeyd edək ki, bu gün ümumilikdə Cənub bölgəsindən yardım dolu 4 yük avtomobili qardaş ölkəyə göndərilib. Yardım kampaniyası qarşıdakı günlərdə də davam etdiriləcək