CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNDƏ QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR MƏSƏLƏSİ ÜZRƏ MƏRUZƏÇİ TƏYİN EDİLMİŞDİR
Milli Məclisin deputatı Bəxtiyar Əliyev AZƏRTAC-ın müxbirinə demişdir: Bu müzakirə ölkəmiz üçün daha önəmli idi. Çünki işğalçılıq siyasəti aparan Ermənistanın ərazilərimizin 20 faizini zor gücünə ələ keçirməsi nəticəsində ölkəmiz bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdir. Azərbaycan, Gürcüstan və Ermənistanda qaçqın və məcburi köçkünlər məsələsi ilə bağlı yeni məruzəçinin təyin olunması ölkəmizin maraqlarına tamamilə uyğundur.
Müzakirələr zamanı latviyalı deputat Boris Çileviç səs çoxluğu ilə Cənubi Qafqaz ölkələrində qaçqın və məcburi köçkünlər məsələsi üzrə məruzəçi təyin edildi. Zənnimcə, yaxın zamanlarda məruzəçinin bölgəyə səfəri olacaqdır. Ölkəmiz üçün ağrılı olan bu problemlə bağlı yeni məruzənin hazırlanmasına hərtərəfli kömək göstərəcəyik. Ona görə ki, son zamanlar humanitar təşkilatların Azərbaycana yardımı, demək olar ki , yox dərəcəsindədir.
Xatırlatmaq istərdim ki, Türkiyədə sığınacaq axtaranlar və qeyri-qanuni immiqrantlarla bağlı məsələ üzrə məruzəçi mən təyin olunmuşdum. Məruzə ciddi müzakirə olundu və deputatlar tərəfindən müsbət qarşılandı. Çıxış edənlər Türkiyənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin hamısını yerinə yetirdiyini, bu sahədə nəzərəçarpacaq uğurlar qazandığını, Türkiyə üzrə monitorinq prosedurunun dayandırıldığını bildirdilər. Sığınacaq axtaranların və qeyri-qanuni immiqrantların Türkiyə ərazisi vasitəsilə Avropa ölkələrinə keçmələrinin qarşısını almaqda ona hərtərəfli maliyyə yardımı göstərəcəklərini bildirmiş beynəlxalq təşkilatların öz vədlərinə əməl etməmələri təəssüf hissi ilə vurğulandı.