Cənubi Sinayın qubernatoru Azərbaycanla münasibətlərin inkişaf etməsini arzulayır
Qahirə, 31 mart, Şıxəli Əliyev (AZƏRTAC)
Azərbaycana etdiyim səfər zamanı ölkənizdəki şəraitdən çox razı qaldım və Qəbələ şəhəri ilə qardaşlıq sazişi imzaladıq. Azərbaycan Prezidenti ilə görüş zamanı münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı arzularımı bildirdim.
AZƏRTAC-ın Misirə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Cənubi Sinayın qubernatoru Xalid Fuda azərbaycanlı jurnalistlərlə keçirdiyi görüş zamanı bildirib.
Qubernator deyib: “May ayında Azərbaycan, Qazaxıstan və Gürcüstana turizmlə bağlı nümayəndə heyətimiz gedəcək. Bu səfərdə məqsəd dostluq əlaqələrinin, turizm sahəsindəki münasibətlərin inkişaf etdirilməsi və dəstəklənməsidir. Mən Qəbələ rayonun icra hakimiyyətinin başçısına dəvət göndərmişəm və ümid edirəm ki, o da bura gələcək. Cənab Prezidentlə görüşdə birbaşa hava xəttinin açılması barədə danışdıq və düşünürəm ki, o, bu işə razıdır. Arzu edərdim ki, birbaşa hava xəttinin açılması ilə bağlı məsələlər tezləşsin”.
Təhlükəsizlik məsələlərinə toxunan qubernator qeyd edib ki, bu məsələyə ciddi şəkildə riayət olunur: “Təhlükəsizlik sahəsində heç bir boşluq yoxdur. Aeroportda təhlükəsizliklə bağlı bizə Almaniya, Rusiya, İngiltərə komissiyaları tərəfindən təqdim edilmiş təkliflər yerindəcə nəzərə alınıb. Bizim aeroportumuzda 35 ildir ki, təhlükəsizlik sahəsində heç bir problem olmayıb, bu sahədə yüksək nüfuza malikdir. Lakin bəzi dövlətlər hesab edirlər ki, burada təhlükəsizlik tədbirləri gücləndirilməlidir və biz də bunu edirik”.
Xalid Fuda təhlükəsizlik sahəsində ixtisaslaşmış tanınmış İngilis şirkəti ilə əməkdaşlıq nəticəsində irəli sürülmüş 23 təklifin hamısı həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, çantalar hər hansı kənar müdaxilə və insan iştirakı olmadan birbaşa təyyarəyə yüklənir. Bu məqsədlə 20 qoruyucu konteyner quraşdırılıb. Sərnişinlər isə əvvəlcə xüsusi avadanlıqlar vasitəsilə, minik vaxtı isə əllə yoxlanılır.
X.Fuda Şarm əl-Şeyxdə son dövrlərdə çox sayda konfransların keçirildiyini və gələcəkdə də bu tədbirlərin davam etdirilməsinin planlaşdırıldığını deyib. “Şəhərin təhlükəsizliyi tam şəkildə təmin edilib, kameralar quraşdırılıb. 2005-ci ildən bəri Şarm əl-Şeyxdə heç bir terror hadisəsi baş verməyib” - deyə qubernator bildirib.