İDMAN
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 6 iştirakçısı müəyyənləşə bilər
Bakı, 28 noyabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçiriləcək.
E qrupunda “Latsio” İtaliyada Şotlandiya “Seltik”ini, “Feyenoord” Niderlandda İspaniya “Atletiko”sunu qəbul edəcək. Madrid klubu səfərdə qalib gələcəyi təqdirdə, adını 1/8 finala yazdıracaq. Bu nəticə Roma təmsilçisini də növbəti mərhələyə çıxara bilər. Amma bunun üçün italiyalılar “Seltik”ə qalib gəlməlidirlər.
F qrupunda İtaliya “Milan”ı Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə, Fransa PSJ-si İngiltərə “Nyukasl”ı ilə qarşılaşacaq. Dortmund və Paris təmsilçilərinin mümkün qələbəsi onları pley-off mərhələsinə daşıyacaq.
G qrupunda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edən “Mançester Siti” və Almaniyanın “Leyptsiq” komandaları İngiltərədə üz-üzə gələcəklər. Digər matçda isə üçüncü yer uğrunda mübarizə aparan İsveçrə “Yanq Boyz”u ilə Serbiyanın “Srvena Zvezda” komandası münasibətlərinə aydınlıq gətirəcək.
Nəhayət, H qrupunda İspaniya “Barselona”sı ilə Portuqaliya “Portu”su bu tur növbəti mərhələyə adlaya bilərlər. Komandalar öz aralarındakı matçda heç-heçə etsələr, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu isə Belçika “Antverpen”inə məğlub olsa, İspaniya və Portuqaliya təmsilçiləri sona bir tur qalmış istəyinə çata bilərlər. “Barselona” qələbə qazanarsa, digər matçın nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə əldə edəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
28 noyabr
E qrupu
21:45. “Latsio” (İtaliya) - “Seltik” (Şotlandiya)
00:00. “Feyenoord” (Niderland) - “Atletiko” (İspaniya)
Xal durumu: “Atletiko” - 8, “Latsio” - 7, “Feyenoord” - 6, “Seltik” - 1.
F qrupu
00:00. “Milan” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)
00:00. PSJ (Fransa) - “Nyukasl” (İngiltərə)
Xal durumu: “Borussiya” - 7, PSJ - 6, “Milan” - 5, “Nyukasl” - 4.
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) - “Leyptsiq” (Almaniya)
00:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya)
Xal durumu: “Mançester Siti” - 12, “Leyptsiq” - 9, “Srvena Zvezda” - 1, “Yanq Boyz” - 1.
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) - “Antverpen” (Belçika)
00:00. “Barselona” (İspaniya) - “Portu” (Portuqaliya)
Xal durumu: “Barselona” - 9, “Portu” - 9, “Şaxtyor” - 6, “Antverpen” - 0.