ÇEXİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 4-də nazir, general-polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq ilə görüşmüşdür.
Müdafiə naziri Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirmişdir ki, son illər müxtəlif istiqamətlərdə həyata keçirilən birgə layihələr artıq öz səmərəsini verməkdədir. Hərbi əməkdaşlığın qurulması sahəsində də uğurlu işlər aparılır.
Səfər Əbiyev Azərbaycanın Avropa strukturlarına inteqrasiyasının perspektivlərindən danışmış, regionda mövcud hərbi-siyasi durum barədə qonağa məlumat vermişdir.
Nazir bildirmişdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı bölmələri tərəfindən işğal edilmiş, 1 milyondan artıq günahsız insan öz doğma yurd-yuvasından didərgin düşmüşdür. İndiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində beynəlxalq qurumların göstərdikləri səylər konkret nəticə vermir. Bir sıra hallarda isə ərazisi işğal edilmiş Azərbaycan ikili standartlarla qarşılaşır. Azərbaycanın bundan ciddi narahatlıq keçirdiyini çexiyalı qonağın diqqətinə çatdıran nazir Səfər Əbiyev qeyd etmişdir ki, belə vəziyyətlə uzun zaman barışmaq mümkün deyildir. Sülh danışıqlarının nəticə vermədiyi halda torpaqlarımızın güc yolu ilə azad edilməsini istisna edə bilmərik.
Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq görüş zamanı regiondakı mövcud vəziyyətə münasibətini bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdır.