Çexiyanın Karlova Universitetinin professorları BDU-da zooloji tədqiqatlara dair müzakirə aparıblar
Bakı, 12 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Çexiyanın Karlova Universitetinin Zoologiya departamentinin Onurğasızlar zoologiyası bölməsinin professoru Vera Opatova tərəfindən “Zooloji tədqiqatlarda müasir metodlar” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri seminarda Çexiyanın Azərbaycandakı səfirinin birinci müavini Martin Luboyatski, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova Karlova Universiteti ilə əməkdaşlığın davam etməsinin gənclər üçün yeni imkanlar qazandırdığını diqqətə çatdırıblar.
Sonra Vera Opatova qrupu ilə birgə apardığı elmi-tədqiqatların istiqamətləri, müxtəlif areallarda yayılan hörümçək növləri, onların genetik, molekulyar cəhətdən öyrənilməsi məsələləri haqqında məlumat verib. O, Aralıq dənizi ətrafında hörümçəklərin molekulyar və genetik analizlərini apararaq, onların növ tərkibini dəqiqləşdirdiyini, xarici görünüşü eyni olan hörümçəklərin ekoloji cəhətdən fərqlənməsini və təcridolunma səbəblərini izah edib.
Karlova Universitetinin Zoologiya bölməsinin professoru Miroslav Svatora təmsil etdiyi ali məktəblə BDU-nun Biologiya fakültəsi arasında 50 ilə yaxın əməkdaşlığın olduğunu bildirib. BDU ilə Karlova Universiteti “ERAMUS+” proqramı çərçivəsində ikitərəfli sazişi möhkəmləndirib və memorandum imzalanıb.
M.Svatora Azərbaycanda apardıqları elmi-tədqiqatlar və onun nəticələri haqqında məlumat verib.