Çin Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır
Pekin, 1 iyul (AZƏRTAC). Çin Xalq Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyulun 1-də bu ölkənin xarici işlər naziri Van İ ilə görüşmüşdür.
Görüşdə Van İ bu ilin may ayında Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin uğurlu görüşünü xatırlatmış, dövlət başçılarının ikitərəfli münasibətlərə yüksək qiymət verdiklərini və ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən etdiklərini bildirmişdir.
Van İ əlavə etmişdir ki, Elmar Məmmədyarovun Çinə rəsmi səfəri dövlət başçıları səviyyəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində önəmli addımdır.
Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayında Çinə uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulamışdır. Azərbaycanın bütün dövlətlərlə ikitərəfli əlaqələrinin təməlini qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin təşkil etdiyini deyən E.Məmmədyarov ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri əsasında Azərbaycanın Çin ilə siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır. O, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu söyləmişdir.
Azərbaycan ilə əməkdaşlığın inkişafında Çinin də maraqlı olduğunu deyən nazir Van İ ölkələrimiz arasında bütün səviyyələrdə məsləhətləşmələrin və mübadilələrin aparılmasının və iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin zəruriliyini diqqətə çatdırmışdır.
Elmar Məmmədyarov tikintisi başa çatmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi İpək Yolu üzrə yüklərin daşınması üçün əlverişli çatdırma imkanı yaradacağını qeyd etmiş və Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında danışaraq bu layihənin Avropa və Asiyanı birləşdirəcək genişmiqyaslı informasiya texnologiyası şəbəkəsi olacağını bildirmişdir.
Nazir Van İ hələ 1998-ci ildə böyük İpək Yolunun bərpası ilə bağlı Bakıda konfrans keçirildiyini xatırlatmış, Azərbaycanın və Çinin Avrasiya məkanının çiçəklənməsi üçün səylər göstərəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə E.Məmmədyarov çinli həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Nazir Van İ ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini başa düşdüyünü, Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləmişdir. O, Çinin bu mövqeyinin prinsipial olduğunu bildirmişdir.
Görüşdə diplomatik tədris müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Nazir Elmar Məmmədyarov həmkarı Van İni Azərbaycana rəsmi səfərə dəvət etmişdir. Van İ dəvəti məmnuniyyətlə qəbul etmişdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin