Çin indiyədək xaricə 260 milyon doza COVID-19 peyvəndi göndərib
Pekin, 30 mart, AZƏRTAC
Çinin vaksin istehsalçıları indiyədək Avropa, Asiya, Afrika və Latın Amerikasından olan 55 ölkəyə 260 milyondan çox doza COVID-19 peyvəndi göndərib. Bunların müəyyən hissəsi yardım formasında, əsas hissəsi isə kommersiya prinsiplərinə uyğun ixrac edilib.
AZƏRTAC xəbər verir ki, "Sinopharm" şirkətinin tabeliyindəki müəssisələr ümumilikdə 100 milyon doza peyvənd ixrac edib. Şirkətin 2 vaksini 50-dən çox ölkədə təcili və ya kommersiya məqsədilə təsdiqlənib. "Sinopharm" bu vaksinlərin COVID-19-un Böyük Britaniya, Cənubi Afrika Respublikası və digər ölkələrdə tapılan 10 yeni ştamma qarşı effektiv olduğunu açıqlayıb.
Çinin digər tanınmış vaksin istehsalçısı "Sinovac Biotech" isə 160 milyondan yuxarı doza "CoronaVac" peyvəndi 18 ölkəyə ixrac edib. "Sinovac" şirkəti də bir müddət əvvəl açıqlama yayaraq, СOVID-19 virusu əleyhinə peyvənd istehsalı gücünü illik bir milyard dozaya çatdıracağını bəyan edib. Azərbaycanda COVID-19 virusuna qarşı aparılan vaksinasiya prosesində də "CoronaVac" peyvəndindən istifadə olunur.
Hər 2 şirkətin istehsalı olan peyvəndlər təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
Bundan başqa, bir neçə ölkə Çinin "CanSino" şirkətinin istehsalı olan peyvəndin təcili istifadəsinə icazə verib. Şirkət Ümumdünya Səhiyyə Təşkilatının vaksinlərin bölgüsü üzrə COVAX təşəbbüsü çərçivəsində 2021-2022-ci illərdə 10 milyonlarla təkdozalıq peyvənd təchiz etməyə hazır olduğunu açıqlayıb.
Çin şirkətlərinin COVID-19 virusu əleyhinə vaksin istehsalı gücü fevralın əvvəlindəki gündəlik 1,5 milyon dozadan 5 milyon dozaya çatıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin