Çin Litva ilə diplomatik münasibətlərinin səviyyəsini aşağı salıb
Pekin, 22 noyabr, AZƏRTAC
Çin Xalq Respublikası (ÇXR) "Tayvan nümayəndəliyi"nin açılmasına razılıq verdiyi üçün Litva ilə diplomatik münasibətlərinin daha aşağı səviyyəyə endirilməsinə qərar verib.
AZƏRTAC Çin Xarici İşlər Nazirliyinin məsələyə dair bəyanatına istinadla xəbər verir ki, Çin Litvada səfir səviyyəsində deyil, müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq. Bəyanatda rəsmi Pekin Litvanı saxta “Bir Çin, bir Tayvan” təəssüratını yaratmaqda və ÇXR ilə Litva arasında diplomatik münasibətlərin qurulması haqqında bəyannaməni pozmaqda ittiham edib.
Bəyanatda qeyd olunur ki, Litvanın bu addımı Çinin suverenliyini və ərazi bütövlüyünü pozmaqla yanaşı, onun daxili işlərinə kobud müdaxilədir. Dünyada yalnız bir Çin var və Çin Xalq Respublikası bütün Çini təmsil edən qanuni hakimiyyətdir.
Rəsmi Pekin Tayvan rəsmilərinə də xəbərdarlıq edərək xaricdən dəstəyə söykənən “Tayvanın müstəqilliyi” ideyasının uğursuzluğa düçar olduğunu bildirib.
Avqustda Litva hökumətinin “Tayvan nümayəndəliyi”nin açılmasına razılıq verəcəyi barədə ilk açıqlamasından sonra Çin Vilnüsdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələrə malik ölkələrin Tayvanla istənilən formada rəsmi təmasına qəti etiraz edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin