Çin Rusiyadan neft idxalını doqquz ayda 24,4 faiz artırıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Rusiya neftinin Çinə tədarükü yanvar-sentyabr aylarında illik ifadədə 24,4 faiz artaraq 79,9 milyon tona çatıb. Bununla yanaş, həmin dövr ərzində ÇXR-in Rusiyadan idxal etdiyi xam neftin qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 faiz ucuzlaşıb və ödənilən vəsait ümumilikdə 43,6 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Çin Baş Gömrük İdarəsinin saytında yer alıb. İdarənin məlumatına görə, Rusiya Səudiyyə Ərəbistanını və İraqı qabaqlayaraq, hazırda Çinə ən böyük neft tədarükçüsü statusunu saxlayıb. Buna baxmayaraq, ÇXR sentyabrda Rusiyadan 8,7 milyon ton xam neft idxal edib ki, bu da avqust ayındakı göstəricidən 17 faiz azdır.
Yanvar-sentyabr aylarında Rusiyadan Çinə maye qaz tədarükü 47 faiz artaraq 6,2 milyon tona çatıb, təchizatın dəyəri isə 6 faiz azalaraq 4 milyard dollara enib. Rusiya ÇXR-ə ən böyük maye qaz tədarükçüləri arasında Avstraliya və Qətərdən sonra üçüncü yeri tutub. Sentyabr ayında Çin Rusiyadan 746 min ton maye qaz idxal edib ki, bu da avqust ayı ilə müqayisədə 25 faiz azdır.