İQTİSADİYYAT
Çin şirkətləri Qarabağda yaradılan sənaye parklarında investisiya imkanlarından yararlanmağa dəvət ediliblər




Bakı, 23 noyabr, AZƏRTAC
Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndəsi Van Veyveyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) rəhbərliyi arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlara agentliyin idarəçiliyində olan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli biznes imkanları barədə məlumat verilib, qurumun təqdimatı nümayiş etdirilib.
Görüş çərçivəsində tərəflər arasında iqtisadiyyat və sənayenin müxtəlif sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, Çin şirkətləri sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli investisiya imkanlarından yararlanmağa dəvət edilib.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr və “SOCAR Polymer” MMC-nin Polipropilen (PP) və Yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.