DÜNYA
Çin Tayvanın kənd təsərrüfatı məhsullarına idxal güzəştlərini ləğv edib
Pekin, 19 sentyabr, AZƏRTAC
Çin hökuməti Tayvan adasından idxal olunan 34 adda kənd təsərrüfatı məhsuluna tətbiq etdiyi “sıfır rüsum” siyasətini dayandırır.
AZƏRTAC xəbər verir ki, Çin Dövlət Şurasının (Nazirlər Kabineti) gömrük tarifləri komissiyasının qəbul etdiyi qərar sentyabrın 25-dən qüvvəyə minəcək. Güzəştlərin dayandırıldığı məhsulla arasında meyvə, tərəvəz, dəniz məhsulları var. Bu məhsullara idxal rüsumları qanunvericiliyə uyğun tətbiq olunacaq.
Komissiyanın məsələyə dair açıqlamasında deyilir ki, Tayvan rəsmilərinin Çinin materik hissəsindən idxal olunan bəzi məhsullara qadağa və məhdudiyyətlər tətbiq etməsi tərəflər arasında iqtisadi-ticari əlaqələrə mənfi təsir göstərib.
Qeyd edək ki, Çin Xalq Respublikası Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etməsə də, ada ilə iqtisadi, mədəni əlaqələr saxlayır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin