Çin Xalq Bankı ilə institusional əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AlUlaCEME2025 konfransı çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşin ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə mərkəzi banklar tərəfindən monetar siyasət sahəsində həyata keçirilən islahatlar, eləcə də rəqəmsal valyutaların və maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, bu çərçivədə bilik və təcrübə mübadilələrinin təşkili məsələləri müzakirə olunub.