Çinin mərkəzi kitabxanalarına Azərbaycan haqqında geniş çeşiddə ədəbiyyat təqdim edilib
Pekin, 7 mart, AZƏRTAC
Azərbaycanın Çindəki səfirliyi ölkəmizin təbliği istiqamətində fəaliyyətinin davamı olaraq, Çinin 48 mərkəzi kitabxanasına Azərbaycan haqqında nəşrlər təqdim edib.
Səfirlik Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, turizm potensialına, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər əldə olunan uğurlara, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə dair Çin, ingilis və rus dillərinə kitab və broşürlərdən, jurnallardan, CD-lərdən ibarət bağlamaları kitabxanalara göndərib.
Kitablar arasında “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşri, ulu öndər Heydər Əliyevin Çində keçirilmiş 90 illik yubiley konfransının materiallarından ibarət səfirlik tərəfindən nəşr etdirilən kitab, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” (Çin dilində) və Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabları, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” toplusu, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində buraxılmış kitab və jurnallar, görkəmli avstriyalı tarixçi-alim, professor Erik Fayqlın “Erməni mifi, erməni ekstremizmi: onun səbəbləri və tarixi məzmunu”, amerikalı tədqiqatçı Samuel Vimsin “Ermənistan: böyük hiylə-terrorçu xristian dövlətin sirləri” kitabları, “İrs” jurnalının Çin, ingilis və rus dillərindəki 4 nömrəsi, səfirliyin iki ölkə arasında diplomatik münasibətlərin ildönümü münasibətilə hazırlatdığı nəşrlər və s. var.
Azərbaycan haqqındakı ədəbiyyat Çin Milli, Pekin Paytaxt, Pekin Qərb kitabxanalarına, Renmin, Pekin, Fudan və Tsinqua universitetlərinin kitabxanalarına, habelə Şanxay, Quancou, Tiencin, Sian, Nankin, Uxan, Xarbin, Çendu, Xefey şəhər kitabxanalarına, Sincan-Uyğur Muxtar Rayonunun, Xebey, Anhuy, Xınan və Ninsia vilayətlərinin mərkəzi kitabxanalarına göndərilib.
Bu, zəngin kitab fonduna malik olan Çin kitabxanalarında Azərbaycan haqqında dolğun məlumatların geniş oxucu kütləsinin ixtiyarına verilməsinə imkan yaradacaq.
Belə bir aksiyanı 2009-cu, 2010-cu, 2011-ci illərdə də keçirən Azərbaycanın Çindəki səfirliyi ölkəmiz haqqında geniş və ətraflı məlumat mənbələrinin yaradılması üçün prosesi sistematik olaraq davam etdirməyi planlaşdırır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin