Çörək istehsalında keyfiyyətin yüksəldilməsi yolları müzakirə edilib
Bakı, 10 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində taxılçılıq, un və çörək istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir əhalinin ərzaqlıq taxılla dayanıqlı təminatı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, işlərinin beynəlxalq standartlara uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli taxıl istehsalı, emalı və idxalı sahəsində görülən və həyata keçirilməsi vacib olan işlərdən danışaraq bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlər çərçivəsində əhalinin strateji ərzaq məhsulu olan ərzaqlıq taxılla dayanıqlı təminatı prioritet istiqamətdir və yerli taxılın keyfiyyət, təhlükəsizlik və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi vacibdir. Sədr çıxışında idxal zamanı taxılda aşkarlanan zərərli orqanizmlər və onlarla mübarizə üsullarından da bəhs edib və ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında sahibkarların üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayıb, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının, o cümlədən unun zənginləşdirilməsinin mümkün olduğunu önə çəkib. O, bu sahədə pilot layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Müəyyən ediləcək dəyirmanlarda zənginləşdirilmiş unun hazırlanmasının və həmin undan istehsal edilən çörəklərin satış məntəqələrində istehlakçılara təklif olunmasının planlaşdırıldığını bildirib, una qatılan qida əlavələrinin tənzimlənməsinin, həmçinin çörəklərin qablaşdırılması və etiketlənməsi qaydalarına əməl edilməsinin zəruri olduğunu vurğulayıb.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov ölkə ərazisində fəaliyyət göstərən un və çörək istehsalı müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə məlumat verib. Qeyd edilib ki, 2022-ci il ərzində 5-i planlı, 2-si plandankənar olmaqla 7 un və 13-ü planlı, 15-i plandankənar olmaqla 28 çörək istehsalı müəssisəsində yoxlama aparılıb. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar 2 çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, 6 un və 15 çörək istehsalı müəssisəsinin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 2023-cü il ərzində isə 17 un dəyirmanında və 154 çörək istehsalı müəssisəsində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, cari dövr ərzində 102-si yerli və 5-i idxal məhsulundan istehsal olunan 107 çörək məmulatından nümunə götürülərək müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, 33 məhsul normativ sənədlərin tələblərinə cavab verib, 74 nümunənin müayinələri isə davam etdirilir.
Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, irəli sürülən təkliflərlə əlaqədar göstərişlər verilib.