Çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatında 24 komanda mübarizə aparacaq
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatı başlayacaq. Çempionatda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 24 komanda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri ARAF-ın baş katibi Bəhruz Nəbiyev çempionatla əlaqədar təşkil olunan mətbuat konfransında deyib.
Federasiyanın baş katibi bildirib ki, ümumi mükafat fondu 50 min manat olan Azərbaycan çempionatının keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.
Bəhruz Nəbiyev deyib ki, ötən il Şəkidə təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komanda - “Ağcabədi”, “Sərhədçi”, “Laçın”, “Ağstafa”, “Ağdam”, “Köhlən”, “Polad” və “Şəki” yarışa səkkizdəbir final mərhələsindən qoşulacaq.
Digər 16 komanda - “Balakən”, “Zaqatala”, “Qax”, “Oğuz”, “İsmayıllı”, “Yevlax”, “Bərdə”, “Goranboy”, “Göygöl”, “Qazax”, “Tovuz”, “Daşkəsən”, “Qəbələ”, “Xaçmaz”, “Batabat” və “Elit” isə oktyabrın 16-da və 17-də keçiriləcək pley-off mərhələsində mübarizə aparacaq və qalib kollektivlər səkkizdəbir finala vəsiqə qazanacaq.
Səkkizdəbir final mərhələsinin qarşılaşmaları oktyabrın 18-də və 19-da keçiriləcək. Oktyabrın 21-də dörddəbir, 22-də isə yarımfinal görüşləri oynanılacaq. Turnirin sonuncu günü - oktyabrın 24-də isə üçüncü yer uğrunda oyun və final qarşılaşması keçiriləcək.
Sonra çempionatın püşkü atılıb və rəqiblər müəyyənləşib.
Sonda jurnalistlərin sualları cavablandırılıb.