Çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının təntənəli açılışı olub
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə milli geyimli qızlar və oğlanlar at belində meydana daxil olub, nümunəvi çıxışlar ediblər. Sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindəki atlarla bağlı mövzudan bədii hissə təqdim olunub. Mərasimdə Qarabağ atları haqqında ətraflı məlumat verilib və videoçarx nümayiş etdirilib.
Sonra milli geyimli çaparlar Azərbaycan Respublikasının dövlət bayrağını meydana gətiriblər.
İştirakçı komandaların paradından sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev mərasimdə çıxış edib. Bu gün respublikamızın dünyada güclü idman ölkəsi kimi tanındığını vurğulayan Federasiya prezidenti bildirib ki, cari ilin iyununda ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan bu mötəbər idman turniri üçün yüksək təşkilatçılıq standartlarını müəyyənləşdirib. Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil olunmuş birinci Avropa Oyunları dövlətimizin qüdrətini, iqtisadi inkişafını və xalqımızın tolerantlıq ənənələrini nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərib.
Azərbaycanda atçılığın inkişafının Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayan Elçin Quliyev “Qarabağ” və “Dilbaz” milli at cinslərinin qorunması ilə bağlı dövlətimizin başçısının tapşırıqlarının əhəmiyyətini xüsusi qeyd edib. Bu ilin sentyabrında Bakıda arena polo üzrə birinci Avropa çempionatında milli komandamızın qələbəsinin Azərbaycan atçılığının inkişafının təzahürü olduğunu deyən Elçin Quliyev Prezident İlham Əliyevin yığmamızın üzvlərini və Federasiya rəhbərliyini qəbul etməsini və qələbəni yüksək qiymətləndirməsini idmançılarımızı daha da ruhlandırdığını deyib.
Xalqımızın atçılıq ənənələrini əsrlər boyu yaşatdığını qeyd edən ARAF prezidenti çövkən oyununun Azərbaycanda yaranmasının və inkişaf etməsinin bir çox mənbələrdə əksini tapdığını vurğulayıb. Bildirib ki, çövkən haqqında “Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvinin əsərlərində ətraflı məlumat verilir. Dünyada geniş yayılmış və böyük populyarlıq qazanmış polo oyununun tarixi köklərinin Azərbaycana aid olması artıq xarici həmkarlar tərəfindən də qəbul edilir.
Elçin Quliyev diqqətə çatdırıb ki, 2013-cü ilin dekabrında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən çövkən Azərbaycanın ənənəvi Qarabağ atüstü oyununun “Təcili qorunmaya ehtiyac olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilməsi Azərbaycan atçılığının qədim köklərini bütün dünyaya nümayiş etdirdi. Bu ilin mayında UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə çövkən oyununa aid sərginin təşkili, məşhur fransız yazıçı və eksperti Jan-Lui Quronun müəllifi olduğu “Qarabağ atı” kitabının təqdimatı Azərbaycan atçılığın təbliğinə mühüm töhfə verib.
Federasiya prezidenti Azərbaycan atçılığının təbliği istiqamətində ARAF-ın Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri ilə birgə mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb. Qeyd edib ki, hazırda məqsədimiz təmiz qanlı Qarabağ atlarının sayının artırılması, idmanın bu növünün kütləviliyinin təmin olunması və atçılıq yarışlarını izləyən azarkeşləri sevindirməkdir. Çıxışının sonunda komandalara uğurlar arzulayan Elçin Quliyev dördüncü Azərbaycan çempionatını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra oyunlara start verilib.
Çempionatda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən 24 komanda qalib adı uğrunda mübarizə aparır. Ümumi mükafat fondu 50 min manat olan çempionatın keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.
Dördüncü Azərbaycan çempionatına oktyabrın 24-də yekun vurulacaq.