“Christie's” hərrac evi Rene Maqritin “Yaxın dost” rəsmini satışa çıxarır
Bakı, 5 fevral, AZƏRTAC
“Christie's” hərrac evi martın 7-də Londonda Rene Maqritin “Yaxın dost” əsərini incəsənətdə sürrealist hərəkatın 100 illiyinə həsr olunmuş hərrac çərçivəsində satışa çıxaracağını elan edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sürrealist rəssamın 25 ildir sərgilənməyən bu əsəri hərracda 50 milyon funt-sterlinqə (64 milyon dollar) satıla bilər.
Əsərə belçikalı rəssama məxsus bir neçə motivlər, o cümlədən şlyapalı kişi və mavi səmada yumşaq ağ buludlar daxildir. 1958-ci ildə tamamlanan rəsmdə üzünü dərə-təpəli mənzərəyə tərəf çevirən kişi təsvir olunub. Baget (fransız çörəyi) və şərab badəsi ön plandadır. “Christie's” hərrac evi sədrinin impressionist və müasir incəsənət üzrə müavini Olivye Kamyunun sözlərinə görə, “yüksək səviyyəli poetik, yüksək səviyyəli xəyalpərəst” rəsm əsəri Maqritin şəxsi kolleksiyalarda saxlanılan mühüm əsərləri sırasına daxildir. “Yaxın dost” sonuncu dəfə geniş tamaşaçı kütləsinə 1998-ci ildə Brüsseldə təqdim olunub, hərraca isə 1980-ci ildən bəri ilk dəfə çıxarılır. Onun təkrar satış qiyməti 30-50 milyon funt-sterlinqdir (38-64 milyon dollar).
1967-ci ildə vəfat edən Maqrit sürrealistlər arasında ən sevilən rəssam olub. Salvador Dali kimi müasirlərindən fərqli olaraq, belçikalının yaradıcılığında konkret mədəni və dini istinadları az tapmaq olar.
“Maqrit heç vaxt heç nəyi izah etmirdi. Maqritin əsərlərində heç vaxt dinə, yaxud hansısa hadisəyə və ya daha başqa nəyəsə eyham olmayıb. Bunlar tamamilə konseptual, saf, güclü, həyəcan doğuran, gözəl rəsmlərdir. Onlar hər kəs üçün əlverişlidir”, - deyə Kamyu qeyd edir.
Martda satışa çıxarılacaq əsər “Institutional Investor” nəşriyyatının banisi mərhum Gilbert Kaplana və onun həyat yoldaşı Lena Kaplana məxsusdur.
Rəsm əsəri “Christie's” hərrac evində satışa çıxarılmazdan əvvəl fevralın 5-6-da Los-Ancelesdə, fevralın 9-14-də Nyu-Yorkda, fevralın 21-23-də Honkonqda və martın 1-7-də Londonda sərgilənəcək.