“CİSKO SYSTEMS” ŞİRKƏTİNİN PREZİDENTİ CON ÇEMBERSİN AZƏRBAYCANA SƏFƏRİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbiri şirkətin MDB ölkələri üzrə nümayəndəliyi mətbuat xidmətinin rəhbəri Aleksandr Palladin açaraq Con Çembersin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi, onun rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov, iqtisadi inkişaf naziri Heydər Babayev ilə görüşləri barədə məlumat vermişdir. A.Palladin vurğulamışdır ki, Azərbaycan MDB məkanında C.Çembersin səfər etdiyi yeganə ölkədir.
Sonra şirkətin vitse-prezidenti, MDB üzrə nümayəndəliyin rəhbəri Robert Eyci çıxış edərək bildirmişdir ki, şəbəkə texnologiyaları və İnternet üçün avadanlıq istehsalı sahəsində dünya lideri olan “Cisko systems”in kompyuter şəbəkələri yaradılması sahəsində xidmətləri fiziki şəxslərə, şirkətlərə və ümumiyyətlə ölkələrə əmək məhsuldarlığını artırmağa, xidmətlərin keyfiyyətini, habelə rəqabət qabiliyyətini yüksəltməyə imkan verir. R.Eyci bildirmişdir ki, Prezident İlham Əliyev Con Çemberslə görüşündə ən yüksək texnologiyaların Azərbaycana gətirilməsinin, müasir informasiya infrastrukturunun yaradılmasının vacibliyini vurğulamışdır. Bu, həm iqtisadi əlaqələrin, bütövlükdə ölkənin gələcək inkişafı üçün əhəmiyyətlidir.
Şirkətin nümayəndəsi demişdir ki, hazırda dünya ölkələri şəbəkə texnologiyalarının ən yeni növünə keçmək niyyətindədir. Azərbaycan müasir informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə gələcək sabit inkişafını təmin edə bilər. R.Eycinin sözlərinə görə, bu yaxınlara Bakıda “Cisko”nun rəsmi nümayəndəliyi açılacaqdır.
Ötən ilin sonunda R.Eyci və təhsil naziri Misir Mərdanov qarşılıqlı anlaşma memorandumu imzalamışlar. Sənədə əsasən, birgə fəaliyyətin başlıca istiqamətlərindən biri də “Cisko” şəbəkə akademiyasının yaradılmasıdır. Dünyanın 166 ölkəsində fəaliyyət göstərən bu akademiya şəbəkə texnologiyaları sahəsində mütəxəssis çatışmazlığı problemini aradan qaldırmağa imkan verəcəkdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.