Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir
Vaşinqton, 26 mart, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden ikinci müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Ağ evin rəhbəri prezident vəzifəsində özünün ilk mətbuat konfransında bu haqda və administrasiyasının başqa planları barədə danışıb.
Mətbuat nümayəndəsi sabiq prezident Donald Trampın gələcək seçkilərlə bağlı planlarını bölüşdüyünü qeyd edərək, Baydenin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətini indiyə qədər nə üçün rəsmən elan etmədiyini soruşub. “Mənim sələfimə bu lazım idi, - deyə Bayden cavab verib.- Mənim cavabım: bəli. Mən ikinci dəfə prezidentliyə namizəd olmağı planlaşdırıram, mənim gözləntilərim belədir”.
Co Bayden təsdiq edib ki, qarşıdakı seçkiqabağı mübarizədə Kamala Harrisin yenidən onun ortağı olacağını gözləyir. O qeyd edib ki, Kamala Harris vitse-prezident vəzifəsinin öhdəsindən çox yaxşı gəlir və əla tərəfdaşdır. Baydenə sual veriblər: onun fikrincə, növbəti seçkilərdə Tramp yenidən ona rəqib olacaqmı? O, hələ bu haqda düşünmədiyini bildirərək, vurğulayıb: “Mən hətta [o vaxt] Respublikaçılar partiyasının mövcud olub-olmayacağını da bilmirəm”.
Bayden mətbuat konfransında onun administrasiyasının əsas diqqəti cəmləşdirməyi planlaşdırdığı məsələlər, o cümlədən koronavirus pandemiyasına və onun iqtisadi nəticələrinə qarşı mübarizə, silahlanmaya nəzarət və Koreya Xalq Demokratik Respublikası ilə münasibətlər barədə də danışıb.
AZƏRTAC-ın Vaşinqton bürosu