Coğrafiyaçı-alim: Şəhərsalmada sosial və ekoloji amillər davamlı inkişafın əsas şərti sayılır
Bakı, 22 may, AZƏRTAC
Şəhərsalma sosial rifahın təmin olunması baxımdan böyük əhəmiyyət daşıyır. Şəhərlərdə əhalinin məskunlaşma sıxlığının yüksək olması yaşayış sahələrinin, ictimai xidmətlərin və sosial infrastrukturun düzgün təşkilini zəruri edir. Təhsil, səhiyyə, nəqliyyat, rekreasiya və təhlükəsizlik sistemlərinin planlaşdırılması insanların həyat keyfiyyətinə birbaşa təsir göstərir. Düzgün şəhərsalma sosial inteqrasiyanı gücləndirir, işsizliyi azaldır və urbanizasiya problemlərinin qarşısını alır. Əks halda, nizamsız urbanizasiya gecəqondu məhəllələrinin yaranmasına, ekoloji çirklənməyə və sosial bərabərsizliyin artmasına səbəb olur.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev məlumat verib. Onun sözlərinə görə, ekoloji aspekt şəhərsalma formasının ən mühüm istiqamətlərindən biridir. Müasir şəhərlər enerji istehlakı, tullantılar və atmosfer çirklənməsi baxımından ətraf mühitə ciddi təsir göstərir. Buna görə də davamlı şəhərsalma konsepsiyası ön plana çıxır. Yaşıl zonaların artırılması, ictimai nəqliyyatın inkişafı, bərpaolunan enerji mənbələrindən istifadə və enerji baxımından səmərəli tikinti modelləri müasir şəhərsalmanın əsas prinsipləri hesab olunur. Kopenhagen, Amsterdam və Stokholm ekoloji urbanizasiya nümunələri kimi tanınır.
Qeyd olunub ki, dünya şəhərsalma formalarının əsas tiplərinə kompakt şəhərlər, xətti şəhərlər, radial şəhərlər, çoxmərkəzli şəhərlər, aqlomerasiyalar və meqapolislər daxildir. Kompakt şəhərlər torpaq ehtiyatlarından səmərəli istifadə etməyə və nəqliyyat məsafələrini azaltmağa imkan verir. Xətti şəhərlər əsasən nəqliyyat magistralları boyunca inkişaf edir. Çoxmərkəzli şəhərlər isə iqtisadi və inzibati fəaliyyətin bir mərkəzdə cəmlənməsinin qarşısını alaraq urbanizasiya yükünü bölüşdürür. Müasir urbanizasiya siyasətində çoxmərkəzli şəhər modeli daha effektiv hesab edilir.
Nəriman Paşayev vurğulayıb ki, Azərbaycanın dünya şəhərsalma sistemində yeri regional və geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərq ilə Qərb arasında yerləşən mühüm tranzit və iqtisadi məkan hesab olunur. Ölkənin şəhərsalma sistemi həm sovet dövrünün planlı urbanizasiya modelinin, həm də müstəqillik dövrünün bazar iqtisadiyyatına uyğun inkişaf strategiyalarının təsiri altında formalaşıb.