İDMAN
Cüdo üzrə Azərbaycan yığmasından qızıla bərabər gümüş
Bakı, 28 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının komanda yarışlarının nəticələri məlum olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması ilk görüşdə Bosniya yığmasına 4:1, dörddəbir finalda Kanada yığmasına 4:2, yarımfinalda isə Ukrayna yığmasına 4:3 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.
Azərbaycan komandası finalda Fransa millisi ilə qarşılaşıb. Milli yığmamızın üzvü Fidan Əlizadə Ukrayna ilə keçirilən yarımfinal görüşündə zədələndiyinə görə, final qarşılaşmasına çıxa bilməyib və komandamız görüşə 0:1 hesabı ilə geridə başlayıb. Buna baxmayaraq, yığmamız hesabı 3:3 edə bilib.
Çempionatın qaydalarına görə, ümumi hesab 3:3 olduğu zaman həlledici görüş keçirilməlidir. Görüşün hansı çəki dərəcəsində olacağı isə püşkatma ilə müəyyən edilir. Püşkatma nəticəsində həlledici görüşün 63 kiloqram çəki dərəcəsində keçirilməsinə qərar verilib. Bu çəkidə idmançımız Fidan Əlizadə zədəli olduğu üçün görüşə çıxa bilməyib və qələbə Fransa komandasına verilib.
Qeyd edək ki, idmançılarımız fərdi yarışlarda 1 gümüş və 2 bürünc medal qazanıb.