DAĞISTANDA “AXİRƏT QAPISI” TAPILMIŞDIR
Qiyamət qapısı (“Bab-ül-Qiyam”) Narınqaladan başlayaraq Xəzər dənizinin sahilinədək uzanan köhnə şəhər divarının yaxınlığında tapılmışdır. Qədim məscidin qalıqları olan bu qurğu axirətə açılan qapı hesab olunur və insanlar inanırdılar ki, onun köməyi ilə Allahı eşitmək mümkündür. M.Hacıyev deyir ki, tapılan abidə həmin yerin sufiliyin mərkəzi olduğu dövrə aiddir. Sufilər bu qapının yanında öz əsrarəngiz ayinlərini icra edirdilər. Burada tapılan ayin əşyaları buna sübutdur.
Aşkara çıxarılan qapı tarixçilərə sufilər və onların ibadətləri haqqında ətraflı məlumat almağa imkan verəcəkdir. Qədim darvazanın üstündə 40-dan çox şəkil, qəribə rəmzlər çəkilmişdir və ərəbcə yazılar vardır. Müsəlmanlar öz diləklərini kağıza yazır və onu daşlar arasındakı yarıqlara, yaxud da tağın altına qoyurdular.
“Bab-ül-Qiyam” hələ XVIII əsrdən məlum idi. 1772-ci ilin yayında I Pyotru Xəzər yürüşündə müşayiət edən tanınmış şair Dmitri Kantemir bu qapı barədə yerli sakinlərdən eşitmiş və onların söylədiklərini öz gündəliyində yazmışdır. Arxeoloqlar qədim abidəni ədibin məhz bu gündəliyi sayəsində qazıb üzə çıxarmışlar.
Dünyanın ən qədim şəhərlərindən biri olan Dərbənd Böyük İpək yolunun üstündə yerləşirdi. Ötən il o, YUNESKO-nun Dünya mədəni irsi siyahısına daxil edilmişdir. Axirətə açılan qapı da bu təşkilatın mühafizəsində olacaqdır. Burada qazıntılar qarşıdakı 10 il ərzində davam etdiriləcəkdir.
Alimlər təəssüflə qeyd edirlər ki, Qədim Dərbənd getdikcə dağılmaqdadır. Onu ancaq tam bərpa işləri aparmaqla xilas etmək olar.