DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ MÜMKÜNDÜR
F.Baskone ATƏT-in Bakı ofisinin fəaliyyətindən və hökumət qurumlarının ofislə əməkdaşlığından razı qaldığını bildirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsi ilə bağlı nazir Elmar Məmmədyarovun fikirləri ilə maraqlanmışdır.
Münaqişənin həlli istiqamətində görülən işlərdən danışan E.Məmmədyarov, bunun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu qeyd etmiş, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusunun verilməsinin, həm azərbaycanlı, həm də erməni icmasının bölgədə birgə dinc yanaşı yaşayışının təmin olunmasının vacibliyini vurğulamışdır. Nazir ilk öncə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqları azad etməsinin, bu ərazilərdə bərpa işləri görülməsinin, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının, kommunikasiyaların açılmasının zəruriliyini diqqətə çatdırmışdır.
Dağlıq Qarabağ ermənilərinin də Azərbaycan vətəndaşları olduğunu bir daha bəyan edən Elmar Məmmədyarov, Azərbaycanın ayrılmaz tərkib hissəsini təşkil edən bu bölgənin inkişafında hökumətin maraqlı olduğunu demişdir.
F.Baskone münaqişənin həlli üçün əsas prinsiplər üzrə razılığın əldə olunmasının zəruriliyini qeyd edərək, problemin həllindən sonra qarşılıqlı etimadın yaranması istiqamətində tədbirlərin görülməsini vacib saymışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.