DAĞLIQ QARABAĞA DAİR MƏRUZƏ NÖVBƏTİ SESSİYADA MÜZAKİRƏ EDİLƏCƏK
Kiv-Uest danışıqlarından bəhs edən T.Devis bildirdi ki, orada həqiqətən də, tərəflər müəyyən dərəcədə məsələnin həllinə yaxın olublar, lakin həmin dövrdə heç bir sənədə imza atılmamış və hər hansı bir razılıq əldə edilməmişdir.
Terri Devis Azərbaycana səfəri zamanı qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrə getdiyini, doğma torpaqlarından zorla çıxarılmış bu insanların ağır şəraitdə yaşadıqlarını xüsusi vurğulamaqla bərabər, bunun çox ciddi bəşəri problem olmasını, Dağlıq Qarabağdan və onun ətrafındakı bölgələrdən didərgin düşənlərin öz doğma yurd-yuvalarına qayıtmaq istəyini komitə üzvlərinin diqqətinə çatdırdı və dedi ki, məsələ tezliklə öz həllini tapmalıdır.
O, çıxışında Dağlıq Qarabağ əhalisinin danışıqlara cəlb olunması fikrini irəli sürərək bildirdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Ona görə də Azərbaycan öz vətəndaşları ilə danışıqlardan uzaq olmamalıdır.
İngiltərəli deputat məruzə üzərində işlədiyini bir daha xatırlatdı və dedi ki, məruzə AŞPA-nın oktyabr ayında keçirilərcək sessiyasında müzakirə olunacaqdır.
X X X
İyunun 24-də sessiyanın gündəliyində duran “İtaliyada elektron mətbuatın inhisarı və vəzifədən sui-istifadə”, “Uşaqlara cismani cəza verilməsinə ümumavropa qadağası” məsələləri ətrafında müzakirələr aparılmışdır.
Sessiya öz işini davam etdirir.