Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda iki məsələ - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə təqdim edilib.
Tədbirdə komitənin sədri Musa Quliyev qanun layihələrinin mahiyyəti barədə məlumat verib. O bildirib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun layihəsi ölkəmizdə sığorta sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Layihədə təklif olunan dəyişikliklər əlilliyi olan şəxslərin, o cümlədən istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətlə məşğul olan könüllülərin, istehsalat zamanı hər hansı xəsarət hadisəsi baş verərsə, siğortasının müəyyənləşdirilməsi ilə əlaqədardır. Sənəddə, həmçinin birdəfəlik sığorta ödənişinin sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi təklif olunur.
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin isə icbari tibbi sığortanın elektron hökumət çərçivəsində daha da təkmilləşdirilməsinə yönəldiyi söylənilib. Qeyd edilib ki, layihədə, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı məsələlər ehtiva olunur.
Sonra onlayn iclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri barədə fikirlərini açıqlayıb. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərlə bağlı bildirilib ki, sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi təklif olunur. Bu dəyişikliyin Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının 4-cü maddəsinin tələblərinə uyğun olduğunu qeyd edilib. Habelə, diqqətə çatdırılıb ki, Qanunda könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilir. Qeyd olunub ki, layihədə sığorta ödənişinin həddinin tənzimlənməsi ilə bağlı təklif olunan dəyişiklik isə risklərin həcmini, həmçinin sığortaçının məsuliyyət dairəsini müəyyənləşdirməyə imkan yaradacaq.
Bildirilib ki, “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Prezidentin 2026-cı il 19 mart tarixli “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb. Sənəddə icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi, icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi təklif olunur. Eyni zamanda, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən elektron resept əsasında buraxılması, icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada həmin informasiya sistemində yaradılması nəzərdə tutulur. Layihədə, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı dəyişikliklər də öz əksini tapıb.
Müzakirələrin yekununda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasında baxılmaq üçün tövsiyə edilib.