MƏDƏNİYYƏT
Dahi bəstəkar Üzeyir Hacıbəylinin Vyanadakı abidəsi Milli Musiqi Günündə ziyarət edilib



Vyana, 18 sentyabr, AZƏRTAC
Azərbaycan musiqişünaslığında özünəməxsus yeri olan, musiqi mədəniyyətinin inkişafına əvəzsiz töhfələr vermiş dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsi anadan olmasının 138-ci ildönümündə Avstriyada da anılıb.
AZƏRTAC xəbər verir ki, 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin heyəti dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada ucaldılmış abidəsini ziyarət edib. Vyanadakı Dunay Parkında yerləşən abidə önünə gül dəstələri qoyulub.
Azərbaycanın Avstriyadakı səfiri Rövən Sadıqbəyli Ü.Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladaraq, klassik musiqinin beşiyi sayılan Vyanada dahi bəstəkarın abidəsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Şərqdə ilk operanın müəllifi, musiqili teatrın yaradıcısı, ilk konservatoriyanın banisi olmuş Üzeyir Hacıbəyli təkcə Azərbaycan musiqisi deyil, eyni zamanda, dünya musiqisinin inkişafına töhfələr verib.
Qeyd edilməlidir ki, Vyanadakı Dunay Parkında Üzeyir Hacibəylinin abidəsi 2006-cı ildə ucaldılıb. Şəhərin əsas istirahət məkanlarından biri olan bu parkda dahi bəstəkarın abidəsinin müəllifi görkəmli heykəltəraş Ömər Eldarovdur.
Vyana