Dahi bəstəkara bir addım yaxın: Üzeyir Hacıbəylinin ev-muzeyi VİDEO
Bakı, 12 fevral, Gülay Nəzərova, foto Səfiyar Məcnun, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Üzeyir Hacıbəylinin ev-muzeyi.
Üzeyir Hacıbəylinin ev-muzeyi indiki Şamil Əzizbəyov küçəsi, 67/69 ünvanında yerləşir.
Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, görkəmli ictimai xadim və publisist Üzeyir Hacıbəylinin ev-muzeyi 1975-ci il noyabrın 20-də açılıb. Muzey Üzeyir Hacıbəylinin 1915–1942-ci illərdə yaşadığı evdə yaradılıb və artıq 50 ildən çoxdur ki, dahi sənətkarın zəngin irsini qoruyaraq gələcək nəsillərə çatdırır.
Muzey binası dəhliz, dörd otaq və şüşəbənddən ibarətdir. Bu ev Üzeyir Hacıbəylinin yaradıcılıq tarixində xüsusi yer tutur. Məhz burada Azərbaycan Respublikasının Dövlət Himni, “Sənsiz”, “Sevgili canan” kimi məşhur romanslar, eləcə də Azərbaycan opera sənətinin zirvəsi sayılan “Koroğlu” operası kimi möhtəşəm əsərlər formalaşıb və bəstələnib.
Ev-muzeyində bəstəkarın şəxsi əşyaları, əlyazmaları, notları, fotoşəkilləri və zəngin arxiv materialları nümayiş etdirilir. Bu eksponatlar Üzeyir Hacıbəylinin həm yaradıcılıq yolunu, həm də dövrün ictimai-mədəni mühitini yaxından tanımağa imkan verir.
Fəaliyyət göstərdiyi illər ərzində muzey Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş tanınmış bəstəkarların, alimlərin, ictimai xadimlərin, eləcə də yerli və xarici turistlərin daim maraq göstərdiyi mədəniyyət ocaqlarından birinə çevrilib. Bu gün də Üzeyir Hacıbəylinin ev-muzeyi musiqisevərlər üçün həm tarixi yaddaş, həm də ilham məkanı olaraq öz əhəmiyyətini qoruyur.