Daimi nümayəndəlik: İkili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur
Vyana, 12 yanvar, AZƏRTAC
Azərbaycan ATƏT-in İtaliya sədrliyinin hərbi-siyasi məsələlər üzrə dialoqa yardım etmək niyyətini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikir ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab bəyanatında yer alıb.
Bəyanatda bildirilib ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə təşkilata sədrliyin məsuliyyətini üzərinə götürmək istəyini yüksək qiymətləndirir. “Bizim italiyalı həmkarlarımız qarşıda duran vəzifələrin həyata keçirilməsində Azərbaycan nümayəndə heyətinin fəal və konstruktiv iştirakına ümid edə bilər”, - deyə bəyanatda qeyd edilib.
Nümayəndə heyəti, həmçinin bəyanatda bildirib ki, mövcud münaqişələr milyonlarla insanı onların əsas hüquq və azadlıqlarından məhrum edir. Onların bu çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə səmərəli şəkildə həll etmək mümkündür. Bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur.
Bəyanatda hərbi-siyasi məsələlər üzrə dialoqun təşviqi ilə İtaliya sədrliyinin niyyəti yüksək qiymətləndirilib. Qeyd edilib ki, bu məqsədlə Hamburq bəyannaməsində müəyyən edilmiş mandata uyğun olaraq strukturlaşdırılmış dialoqun davam etdirilməsi lazımdır: “Bu kontekstdə İtaliya sədrliyini 2018-ci ildə strukturlaşdırılmış dialoq prosesinin hazırlanmasında mövcud münaqişələrdən irəli gələn risklər və çağırışların müvafiq şəkildə nəzərə alınmasını təmin etməyə çağırırıq.“
Daha sonra bəyanatda qeyd edilib ki, Azərbaycan tərəfi Azərbaycan hökumətinin prioritetləri arasında olan insan kapitalının inkişafı, yaxşı idarəetmə və rəqəmsal iqtisadiyyatın inkişafı kimi mövzulara diqqət yetirdiyi üçün İtaliya sədrliyinin niyyətini alqışlayır.
Bəyanatda vurğulanıb ki, Azərbaycan irqçilik, ksenofobiya, dözümsüzlük və ayrı-seçkiliyin bütün formaları ilə mübarizədə İtaliya sədrliyinin səylərini dəstəkləyir. Multikulturalizm və mədəniyyətlərarası dialoqun güclü tərəfdarı kimi Azərbaycan bu sahədə İtaliya sədrliyinin təşəbbüslərini dəstəkləməyə hazırdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana