“DAN ULDUZU” FESTİVALI İLƏ ƏLAQƏDAR MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Festivalın Təşkilat komitəsinin sədri Gülarə Teymurova bildirmişdir ki, tədbir mayın 26-dan iyunun 2-dək Zuğulba qəsəbəsindəki “Gənclik” Beynəlxalq Turizm Mərkəzində keçiriləcəkdir. “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin və “Nur” Uşaq və Gənclər İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Mədəniyyət vəTurizm, Təhsil, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı Şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festival günlərində iştirakçılar üçün zəngin əyləncəli mədəni proqram da nəzərdə tutulmuşdur.
Komitə sədri diqqətə çatdırmışdır ki, festivalda uşaq evlərində və internat məktəblərində tərbiyə alan 7-18 yaşlı uşaqlar iştirak edəcəklər. 5 nominasiya - vokal ifası, rəqs, müxtəlif musiqi alətlərində ifa, orijinal janr, kiçik həcmli teatr səhnəcikləri üzrə keçirilən müsabiqəyə 250-dən artıq uşaq qatılacaqdır.
G.Teymurova bildirmişdir ki, festivalın keçirilməsindən məqsəd dövlət və ictimai təşkilatların, yaradıcılıq ittifaqlarının və beynəlxalq qurumların diqqətini uşaqların estetik tərbiyəsinin formalaşmasına, ümumi problemlərinin həllinə yönəltmək, istedadlı uşaqları aşkara çıxarmaq və onların sonrakı fəaliyyətlərini nəzarətdə saxlamaqdır.
Festivalda Qazaxıstan, Ukrayna, Gürcüstan və Türkiyədən də uşaqlar iştirak edəcəklər.
Konfransada jurnalistlərin sualları cavablandırılmışdır.