“DAN ULDUZU” III BEYNƏLXALQ UŞAQ BƏDİİ YARADICILIQ FESTİVALININ QALA KONSERTİ
Əvvəlcə, 7 gün ərzində uşaqların iştirak etdikləri tədbirlərə, keçirilmiş görüşlərə həsr olunmuş film göstərilmişdir. Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstandan valideyn himayəsindən məhrum olmuş 250-ə yaxın uşağın iştirakı ilə keçən festivalın açılışından əvvəl, iştirakçılar Fəxri xiyabanı ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin məzarı və abidəsi önünə əklil qoymuş, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzmüşlər. Onlar daha sonra Şəhidlər xiyabanında olmuş, “Əbədi məşəl” abidəsinin önünə gül qoymuşlar. Festival çərçivəsində bir çox tədbirlər - “Mən bu dünyanı sevirəm” və “Şanlı vətənim” mövzularında rəsm, eləcə də teatr tamaşaları müsabiqələri, əl işlərindən ibarət xeyriyyə sərgisi, bayram karnavalı keçirilmiş, uşaqlar üçün İçərişəhərə, muzeylərə ekskursiyalar, dəniz gəzintisi təşkil olunmuş, onlar Azərbaycan Dövlət Opera və Balet Teatrında Fikrət Əmirovun “Min bir gecə” baletinə baxmış və müxtəlif növ idman yarışlarında iştirak etmişlər.
Festivalın təşkilat komitəsinin sədri Gülarə Teymurova Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tədbirin iştirakçılarına ünvanlanmış məktubunu oxumuşdur. O, gələn il keçiriləcək festivalda daha çox ölkədən uşaqların iştirak edəcəyinə əminliyini bildirmişdir.
Təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov
1 İyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə iştirakçıları təbrik etmiş, ümummilli lider, ulu öndər Heydər Əliyevin uşaqlara və gənclərə daim diqqət və qayğı ilə yanaşdığını, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar. Hazırda ölkədə təhsil üzrə bir çox Dövlət Proqramının həyata keçirildiyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 2005-ci ildə respublikamızda 132 məktəbin tikildiyi və avadanlıqla təchiz edildiyi, həmçinin Fondun dəstəyi ilə bir çox uşaq evlərinin müasir üslubda təmir olunduğu vurğulanmışdır. Festival günlərində uşaqlar arasında yaranmış dostluq əlaqələrinin və bayram əhval-ruhiyyəsinin onların gələcək yaradıcılıqlarına müsbət təsir göstərəcəyi qeyd edilmişdir.
Festivala sponsorluq etmiş təşkilatlardan birinin – “Qarasu” əməliyyat şirkətinin prezidenti Mayk Palmer festivalın iştirakçılarını təbrik etmiş, laureat adı qazanmış uşaq musiqi kollektivlərinə şirkət tərəfindən diplom, sertifikat və hədiyyələr təqdim olunmuşdur.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan festival iştirakçıları milli mahnı və rəqslərdən ibarət maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Tədbir festivalın himninin sədaları altında başa çatmışdır.