Daşkəsəndə uşaqlar üçün tibbi aksiya keçirilir
Daşkəsən, 27 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsəndə uşaqlar sağlamlıqlarının qorunması üçün tibbi müayinəyə cəlb edilirlər.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, ikigünlük tibbi aksiya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Regionlarda uşaqların tibbi müayinəsi” layihəsi çərçivəsində reallaşdırılır.
Rayon mərkəzi xəstəxanasında təşkil edilən aksiya çərçivəsində Bakıda və Sumqayıtda fəaliyyət göstərən həkim-mütəxəssislər tərəfindən qərb bölgəsinin müxtəlif rayonlarından olan 200-dən çox uşaq tibbi müayinədən keçiriləcək. Pediatr, endokrinoloq, nevropatoloq, kardioloq müayinəsindən keçən uşaqlar laborator analizlərə cəlb olunur, ehtiyac olanlara müalicə təyin edilir.