Daşkəsənin aqrar və turizm potensialı festivallarla tanıdılır
Daşkəsən, 18 iyul, AZƏRTAC
Daşkəsən rayonunda Aqroturizm Festivalı və Aqrar Biznes Festivalı keçirilir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirlər Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində təşkil olunub.
Festivallarda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, “AzerGold” QSC-nin,”Daşkəsən Dəmir Filiz” MMC-nin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, fermerlər, sahibkarlar, sakinlər və turistlər iştirak edirlər.
Çıxış edənlər Daşkəsənin aqrar potensialından bəhs edib, bu cür tədbirlərin fermerlər və sahibkarlar üçün yeni imkanlar yaratdığını, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərdiyini vurğulayıblar.
Festivallarda təbii və ekoloji yerli kənd təsərrüfatı məhsullarının sərgi və satışı, həmçinin Azərbaycan milli mətbəxinin ləziz təamlarının, sənətkarlıq nümunələrinin və əl işlərinin nümayişi və satışı, eləcə də uşaqlar üçün əyləncəli proqramlar, oyunlar, maraqlı idman yarışları və konsert proqramı təşkil olunub.
Tədbirlər atəşfəşanlıqla yekunlaşacaq.
Müxbir – Vüsalə Cənnətova