Davor Şuker Xorvatiya Futbol Birliyinin prezidenti seçilib
Zaqreb, 23 dekabr, AZƏRTAC
Madrid “Real”ın və Xorvatiya futbol millisinin sabiq hücumçusu Davor Şuker yenidən 4 il müddətinə Xorvatiya Futbol Birliyinin prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın rəsmi internet səhifəsində məlumat verilib. D.Şukerin futbol birliyinə yenidən prezident seçilməsinin lehinə 48 nəfər səs verib, 3 nəfər bitərəf qalıb, bir nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, D.Şuker Xorvatiya Futbol Birliyinə 2012-ci ildən rəhbərlik etməyə başlayıb. Futbolçu “Real”ın tərkibində İspaniya Super Kubokunu, Çempionlar Liqasını və Kontinentlər arası kuboku qazanıb. Xorvatiyanın milli futbol komandasında isə 69 oyun keçirib və 45 top vurub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb