DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ ATƏT-İN SEÇKİLƏRİ MÜŞAHİDƏ MİSSİYASININ BAŞÇISI İLƏ GÖRÜŞ OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov sentyabrın 10-da ATƏT-in seçkiləri müşahidə missiyasının başçısı Boris Frles və həmin missiyanın təhlükəsizlik üzrə mütəxəssisi Emil Payriç ilə görüşmüşdür.
Nazir demişdir ki, Azərbaycanda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmlənməsi, güclü dövlət quruculuğu işləri, ictimai münasibətləri tənzimləyən hüquqi mexanizmlərin təkmilləşdirilməsi prosesi uğurla davam edir. Həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və demokratik-hüquqi islahatlar çərçivəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun qurulması üzrə də əhəmiyyətli işlər görülmüş, insan hüquq və azadlıqlarının əsas götürüldüyü demokratik prinsiplərə söykənən yeni qanunlar qəbul edilmişdir.
Daha sonra qonaqlara 2008-ci ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı polisin üzərinə düşən vəzifələr və görülən işlər barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, ATƏT-in Bakı ofisinin dəstəyi və Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi ilə birlikdə «Polis işçilərinin toplaşma azadlığı üzrə maarifləndirilməsi» mövzusunda zonalar üzrə bir sıra tədbirlər həyata keçirilmişdir. Ötən il Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Qazax şəhər və rayon polis orqanlarının bazasında media, yerli icra hakimiyyəti nümayəndələrinin və 150 polis əməkdaşının iştirakı ilə «Polis işçilərinin toplaşma azadlığı üzrə maarifləndirilməsi» mövzusunda sərbəst toplaşma azadlığı, polisin hüquq və vəzifələri, icazəsiz kütləvi aksiyalar zamanı polisin hərəkətləri, belə aksiyaların dağıdılması zamanı istifadə olunan alətlər, xüsusi vasitələr barədə seminar məşğələləri təşkil olunmuşdur. Eyni zamanda, insan hüquq və azadlıqlarının qorunmasında polisin əsas vəzifələri, icazəsiz kütləvi aksiyaların dağıdılması qaydaları haqqında əyani vasitələr çap edilmişdir.
Cari ilin aprel-iyun aylarında ATƏT-in vasitəçiliyi, ABŞ, Fransa, Türkiyə, Almaniya, Macarıstan dövlətlərinin iştirakı və maliyyə dəstəyi ilə hazırlanmış «İctimai toplaşmaların idarə olunması üzrə Təlim Planı»na müvafiq olaraq, Bakı şəhərində keçirilən təlim kurslarında 500-dək polis əməkdaşı və Daxili Qoşunların 1500 hərbi qulluqçusu iştirak etmişdir. Bundan əlavə, həmin Plana əsasən, 2008-ci il martın 28-31-də Almaniyanın Lübek şəhərində keçirilmiş treninqlərdə nazirliyin 4 məsul vəzifəli əməkdaşı da iştirak etmişdir.
Ramil Usubov qeyd etmişdir ki, oktyabrın 15-də keçiriləcək prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi Tədbirlər Planı təsdiq olunaraq, icra üçün respublikanın şəhər və rayon polis orqanlarına göndərilmişdir. Tədbirlər Planının icrası ilə bağlı 2008-ci ilin avqustun 19-21-də polis orqanlarının aidiyyəti əməkdaşlarının iştirakı ilə respublikanın 59 şəhər və rayonunu əhatə edən 3 regional seminar-məşğələlər keçirilmişdir.
Avqustun 28-də Bakı Şəhər Baş Polis İdarəsinin, eləcə də Gəncə, Sumqayıt, və Şirvan şəhər polis orqanlarının xidmət üzrə rəis müavinlərinin və nazir müavini Oruc Zalovun iştirakı ilə ATƏT-in Bakı ofisi tərəfindən «Sərbəst Toplaşmaq azadlığı haqqında» Qanuna edilmiş əlavə və dəyişikliklərin şərhinə yönəldilmiş toplantı keçirilmişdir. Bununla bərabər, sentyabrın 8-də DİN-in Polis Akademiyasında Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə birgə işçi qrupunun təşəbbüsü ilə hazırlanmış «Seçkilər və polis» mövzusunda beynəlxalq ekspertlər Riçard Tall və Ari Bloyd tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin, Sumqayıt şəhər, Abşeron və Lənkəran rayon polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, ictimai təhlükəsizlik xidməti rəislərinin iştirakı ilə treninq keçirilmişdir. Gəncə şəhər və Göyçay rayon polis orqanlarının şəxsi heyəti ilə və DİN Daxili Qoşunlarının hərbi hissələrində də belə treninqlərin keçirilməsi nəzərdə tutulur.
Daha sonra seçkilərlə bağlı vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üzrə görülən tədbirlər barədə məlumat verilmişdir.
Daxili işlər naziri Ramil Usubov onu da bildirmişdir ki, «Sərbəst Toplaşmaq azadlığı haqqında» qanuna müvafiq olaraq, artıq Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın bütün rayonlarında toplantıların keçirilməsi üçün açıq yerlərin 11 ünvanını müəyyənləşdirmişdir. Belə yerlər, eyni zamanda, qanuna uyğun olaraq, respublikanın bütün şəhər və rayonlarında da ayrılmışdır.
ATƏT-in seçkiləri müşahidə missiyasının başçısı Boris Frles səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirmiş, son illər Azərbaycanda gedən dinamik inkişafdan məmnunluğunu ifadə etmiş, rəhbərlik etdiyi missiyanın işinin nədən ibarət olacağı, hansı işləri görəcəyi barədə ətraflı məlumat vermişdir.