DAXİLİ İŞLƏR NAZİRLİYİNİN YENİ VEB-SAYTININ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, martın 1-də Respublika Daxili İşlər Nazirliyində internet şəbəkəsi vasitəsilə informasiya mübadiləsinin təmin edilməsi üçün Azərbaycan, rus və ingilis dillərində məlumatların yerləşdirildiyi xüsusi bölmələr və səhifələrdən ibarət yeni veb-saytın təqdimatı olmuşdur.
Nazir, general-polkovnik Ramil Usubov bu münasibətlə əməkdaşları təbrik etmiş və bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə rəhbərliyə yenidən qayıdışından sonra ölkədə aparılan hərtərəfli hüquqi islahatlar, beynəlxalq standartlara cavab verən qanunların qəbul edilməsi nazirliyin səmərəli fəaliyyəti üçün mükəmməl normativ-hüquqi əsaslar yaratmışdır. Cinayətlərin qarşısının alınması, açılması, ictimai qaydanın və təhlükəsizliyin qorunması sahəsində qazanılan uğurlar ilbəil artmış, ictimaiyyət, kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə zəruri tədbirlər görülmüş, nazirliyin fəaliyyətində aşkarlıq təmin olunmuş, ictimaiyyət, kütləvi informasiya vasitələri ilə əlaqələr genişlənmişdir. Hazırda Prezident İlham Əliyevin apardığı məqsədyönlü tədbirlər nəticəsində bu siyasət uğurla davam etdirilir.
Veb-saytın yaradılması ilə əlaqədar təşkil olunmuş xüsusi komissiyanın gördüyü işlər barədə məlumat verən və internet vasitəsilə qlobal informasiya şəbəkəsinə qoşulmağın vacibliyini diqqətə çatdıran nazir müavini Zahid Dünyamalıyev demişdir ki, WWW. MİA.GOV.AZ və WWW.DİN.GOV.AZ ünvanında yerləşən veb-sayt nazirliyin strukturunda və fəaliyyətində baş verən yenilikləri mütəmadi izləməyə, bu qurumun tarixi barədə məlumatları, görülən işləri, həyata keçirilən tədbirləri, cinayətkarlığa qarşı mübarizənin səviyyəsini, nazirliyin mətbuat xidmətinin məlumatlarını, qanunvericilik aktları və normativ sənədləri ictimaiyyətin diqqətinə operativ çatdırmağa, eləcə də dövlət-vətəndaş münasibətlərinin yeni müstəvidə inkişafına imkan verəcəkdir.
Sonra iştirakçılar veb-saytla tanış oldular. Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, hər bir internet istifadəçisi veb-saytın “Qəbul otağı” səhifəsində vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu məsələlərini tənzimləyən bütün təsisatların işi barədə məlumatlarla tanış olmaqla yanaşı, xüsusi səhifə vasitəsilə, nazirə və onun müavinlərinə birbaşa müraciət edə biləcəklər.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2004-cü il sentyabrın 3-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nda bütün dövlət orqanlarında fəaliyyəti ətraflı əks etdirən internet səhifələrinin açılması, ərizə və müraciətlərin elektro vasitələrlə qəbul edilməsi göstərilmişdir.