İQTİSADİYYAT
Dənizçilər sığorta sahəsində maarifləndiriliblər
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilati dəstəyi ilə dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Sığortaçılar Assosiasiyasının, Mərkəzi Bankın Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin, Türkiyənin Sığorta İnstitutu Fondunun, Türkiyə Sığortaçılar Assosiasiyasının, eləcə də sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri, çoxillik təcrübəyə malik dənizçilər, bir sıra dövlət qurumlarının əməkdaşları və sığorta sahəsində yerli mütəxəssislər iştirak ediblər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev sığorta sektorunun inkişafı və dənizçilərə bu sahədə göstərilən dəstək barədə ətraflı məlumat verib.
Konfrans çərçivəsində iştirakçılar dənizçilərin sığorta sahəsində maarifləndirilməsi, sığorta brokerinin dənizçilər üçün əhəmiyyəti, icbari sığorta sistemlərinin üstünlükləri və inkişafı, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydası barədə geniş təqdimatla çıxış ediblər.
Sığorta şirkətləri tərəfindən dənizçilər üçün sığorta məhsullarının təqdimatı da yer alıb. Təqdimat zamanı “Dənizçi kasko” haqqında geniş məlumat verilərək, onun əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, dənizçilər üçün yeni yaradılmış Dənizçiyə Könüllü Dəstək “qaynar xətt” platforması barədə məlumat verilib.
Daha sonra mövzular ətrafında geniş müzakirələr aparılıb və dənizçilərin sualları ətraflı cavablandırılıb.