Deputat: “Ağıllı kənd” layihəsinin açılışı azad edilmiş ərazilərimizə Böyük Qayıdışın başlanmasıdır
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan xalqı haqsızlığa, ədalətsizliyə qarşı həmişə barışmaz mövqedə olub. Mübarizlik ruhu xalqımızın canında-qanındadır. Xeyirin şərə həmişə qalib gəldiyi kimi, Azərbaycan-Ermənistan münaqişəsində də haqq-ədalət qələbə çaldı.
Azərbaycan haqsızlığa 30 il dözdü. Bunun da səbəbi var idi. Çünki xarici havadarlarına arxalanan Ermənistanı yerinə oturtmaq üçün güclü iqtisadiyyata və orduya malik olmaq lazım idi. 2020-ci ilin sentyabr-noyabr aylarında ordumuz döyüş meydanında düşmənə yerini göstərdi. Ölkəmiz məhz müstəqillik dövründə qazandığı güc, qüdrət, yürütdüyü məqsədyönlü siyasət nəticəsində işğala son qoydu. Bu gün isə həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış prosesi başlayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov söyləyib.
Dövlətimizin başçısının Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimindəki çıxışında mühüm mesajlar verdiyini diqqətə çatdıran deputat vurğulayıb ki, Ağalı kənd sakinləri ilə görüş, “Ağıllı kənd” layihəsinin açılışı işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın başlanması deməkdir. “Artıq bu prosesə start verilib. Bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanın Ağalı kəndində icra edilib. Ağalıda bir il bundan əvvəl başlanan inşaat işləri uğurla başa çatdırılıb və 200 evdən ibarət müasir tipli kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulur. Ağalı kəndində məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - ASAN, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu yaxınlarda Zəngilana səfər etmələri, “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı azad edilmiş ərazilərimizə Böyük Qayıdışın başlanmasıdır”, - deyə M.Məmmədov qeyd edib.
Deputat dörd ilə yaxın davam edən Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlının qətlə yetiriliyini bildirib. Deyib ki, o vaxt 50 mindən çox insan yaralanıb. 4750 nəfər əsir və ya itkin düşüb, girov götürülüb. 877 şəhər, kənd və qəsəbə qarət edilib və yandırılıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, milli və mədəni irsi amansızlıqla məhv edilib. M.Məmmədov təəssüflə bildirib ki, o vaxt dörd ilə işğal olunmuş torpaqlarımızı Vətən müharibəsində cəmi 44 günə azad edərək ərazi bütövlüyümüzü bərpa etdik.
Ermənistanın acınacaqlı vəziyyətdə olmasını onun işğalçılıq siyasətinin nəticəsi kimi qiymətləndirən M.Məmmədov postmünaqişə dövründə gündəliyi Azərbaycanın diktə etdiyini vurğulayıb. Deyib ki, hazırda Azərbaycan sülh sazişinin bağlanması ilə bağlı ölkəmizin təkliflərini irəli sürüb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Belçikanın Brüssel şəhərində keçirilən üçtərəfli görüş sülh danışıqları prosesinin yeni bir mərhələsidir. Bu görüşdə Nikol Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı razılıq əldə olunub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin delimitasiya və demarkasiyası avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.
İşğaldan azad olunmuş ərazilərdə görülən işlərin asan başa gəlmədiyini qeyd edən M.Məmmədov həyata keçirilən infrastruktur layihələrinin geniş vüsət aldığını diqqətə çatdırıb.