Deputat: Azərbaycan Prezidentinin qlobal əhəmiyyətli fəaliyyətinə beynəlxalq aləmdə yüksək qiymət verilir
Bakı, 27 may, AZƏRTAC
Prezident İlham Əliyevin ünvanına nüfuzlu dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən 28 May - Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir. Təbrik ünvanlayan liderlərin arasında ABŞ, Rusiya, Çin, İran, İtaliya, Hindistan, Almaniya prezidentlərinin, Birləşmiş Krallığın kraliçasının, Yaponiya imperatorunun və başqalarının da olması Azərbaycana olan beynəlxalq diqqətin göstəricisidir. Bu təbriklərdə Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol təqdir olunur, habelə dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən dünyada xüsusi nüfuza malik olan Azərbaycan Prezidentinin qlobal əhəmiyyətli fəaliyyətinə yüksək qiymət verilir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.
Deputat vurğulayıb ki, həmin təbriklərdə Azərbaycanın beynəlxalq aləmdə artan rolu, iqtisadi inkişafı, enerji təminatında və təhlükəsizliyində müstəsna rolu yüksək qiymətləndirilib. ABŞ Prezidenti Cozef Baydenin məktubunda dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylərin qeyd olunması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin məktubunda “Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır” fikirləri ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.
T.Cəfərova deyib: “Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda Azərbaycanın dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə fəallığını yüksək qiymətləndirir. Çin Xalq Respublikasının Sədri Si Cinpin “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığı ilə bağlı fikirləri Azərbaycanın yalnız regionda deyil, ümumilikdə dünyada çəkisinin və rolunun artmasından xəbər verir".