ŞƏRH
Deputat: Azərbaycan Türk Dövlətləri Təşkilatının potensialının gücləndirilməsinə mühüm töhfələr verir
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. On beş il öncə Naxçıvanda əsası qoyulan bu təsisat son illər ərzində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Üzv ölkələrin birgə səyləri nəticəsində təşkilatın önəmli beynəlxalq platformaya çevrilməsi istiqamətində mühüm addımlar atılır. Yüksəksəviyyəli görüşlər, aparılan davamlı müzakirələr, birgə həyata keçirilən layihələr təşkilatın inkişafında müstəsna rol oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Mircəlil Qasımlı qeyd edib: “Azərbaycan təşkilatın inkişafında, türk dövlətləri arasında əlaqələrin genişlənməsində yaxından iştirak edir. Bu xüsusda, cari ilin iyul ayında Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsini, mühüm məsələləri əhatə edən Qarabağ Bəyannaməsinin qəbulunu xatırlatmaq istərdim. Bu sənəd Türk dünyasının həmrəyliyinin, üzv ölkələr arasında əməkdaşlığın, təşkilatın beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə dəyərli töhfələr verəcək. Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında ölkəmizin bu təşkilatın möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bir daha vurğuladı”.
Deputat bildirib ki, təşkilatın qarşıya qoyduğu hədəflərə çatması üçün müəyyən büdcənin formalaşdırılması istiqamətində Azərbaycanın dəstəyi TDT-nin inkişafına xidmət edir. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Mircəlil Qasımlı deyib: “Bu gün dünyanın müxtəlif bölgələrində baş verən toqquşmalar təşkilata üzv ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın zəruriliyini daha da artırır. Bu xüsusda, türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin keçirilməsi təşkilatın gündəliyində duran əsas məsələlərdəndir”.
İqtisadiyyatın müxtəlif sahələrində təşkilata üzv ölkələr arasında mövcud əməkdaşlığın daha da inkişafının qarşıda duran əsas vəzifələrdən olduğunu bildirən deputat Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan Şərq-Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün ölkəmizin öz sərmayələrini artırmasının TDT-nin iqtisadi inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O deyib: “Ölkə başçısının çıxışında qeyd etdiyi kimi, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlərlə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Bu atılan addımların səmərəliliyini nümayiş etdirir”.
Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin möhkəm tarixi bağlara söykəndiyini bildirən M.Qasımlı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda ölkəmizin həyata keçirdiyi geniş quruculuq işlərinə dost dövlətlər tərəfindən göstərilən dəstək xalqlarımız arasında möhkəm dostluğun bariz nümunəsidir.