SİYASƏT
Deputat: Brüssel görüşünü sülh prosesinin başlanğıcı hesab etmək olar
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 6-da Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşləri, aparılan danışıqlar və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğurudur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov söyləyib.
Deputat bildirib ki, Brüsseldə baş tutan görüşü sülh prosesinin başlanğıcı hesab etmək olar. Bu Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması üçün olduqca vacibdir. Azərbaycan tərəfinin irəli sürdüyü 5 maddədən ibarət təklif bölgədə dayanıqlı sülhün təmin olunmasına hesablanıb. Bu təklifin qəbulu və bunun əsasında danışıqların aparılması iki dövlət arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək. Dörd saat yarımdan çox davam edən Brüssel görüşündə əldə olunan nəticələr onu deməyə əsas verir ki, münaqişədən sonrakı dövrdə aparılan danışıqlar faktiki olaraq Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun gedir. Üçtərəfli görüşlə bağlı Avropa İttifaqı Şurası Prezidentinin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk qrupu və onun həmsədrlik institutuna istinad edilməməsi Azərbaycanın mövqeyinin qəbul olunmasından xəbər verir.
İmamverdi İsmayılov bildirib ki, görüşün yekun bəyanatı nəqliyyat-kommunikasiyalarının açılması, dəmir və avtomobil yollarının tikilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılması ilə bağlı Azərbaycanın irəli sürdüyü təkliflərin razılaşmada əksini tapdığını bir daha göstərdi.
“Görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə iki ölkə arasında 5 prinsip əsasında sülh sazişinin hazırlanmasına başlamaq üçün təlimat verilib. Sözsüz ki, bütün bunlar nəticədə regionda gərginliyin azalmasına, kommunikasiyaların açılmasına, səmərəli və konstruktiv əməkdaşlığa xidmət edəcək”, - deyə deputat vurğulayıb.