Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi daha böyük qələbələr gözləyir
Bakı, 8 dekabr, AZƏRTAC
Növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin müdrikliyinin və uzaqgörənliyinin növbəti parlaq təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Dünya ağır və mürəkkəb bir mərhələyə daxil olduğunu söyləyən deputat qeyd edib: “Dünya nizamı artıq pozulub, yeni nizamın qurulması isə görünən odur ki, hələ bir müddət çəkəcək. Bu da reallıqdır ki, bu gün beynəlxalq təşkilatların fəaliyyətində ədalətsizlik, dünyada baş verən hadisələrə ikili standartlarla yanaşma getdikcə daha da geniş vüsət alır. Bu gün təəssüf ki, haqsızlığa və təcavüzə məruz qalan dövlətlər deyil, təcavüzkar və terror törədən dövlətlər dəstəklənir.
Biz bunu 30 il ərzində açıq-aydın gördük. Ancaq bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərə sinə gərərək öz möhtəşəm Qələbəsini təmin etdi. Təəssüf ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün də eyni ədalətsizlik və haqsızlıqlarla üz-üzədir. Ancaq bütün bunlar bizi haqq yolundan və başladığımız müqəddəs missiyadan çəkindirə bilməz”.
O bildirib ki, 2020-ci ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə bütövlükdə dünyada yeni reallıq yaratdı. Bu Qələbənin və uğurun əsas səbəbkarı məhz dövlətimizin başçısı İlham Əliyevdir. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin müdrikliyinin və uzaqgörənliyinin növbəti parlaq təzahürüdür. Heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz Liderinə sadiqliyini nümayiş etdirəcək.