Deputat: Türkiyə dövlət və xalq olaraq bu çətinliyin də öhdəsindən gələcək
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi sarsıdıb. Azərbaycan Türkiyəyə sonadək öz dəstəyini göstərəcək. Həkimlər, könüllülər, xilasedicilər yardım üçün davamlı olaraq Türkiyəyə göndərilir. Heydər Əliyev Fondu, qeyri-hökumət təşkilatları bu təşəbbüsə qoşulanlar arasında ilklər sırasındadır. Ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlər, universitetlər, nazirliklər və digər qurumlar da Türkiyəyə yardım aksiyasına qoşulublar. Yardım kampaniyasına ölkəmizin bütün şəhər və rayonları qoşulub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.
Deputat bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa tapşırığı ilə Fond tərəfindən qardaş Türkiyəyə humanitar yardım göndərilib. Eyni zamanda, “Regional İnkişaf” İctimai Birliyi qardaş ölkəyə humanitar yardım göndərənlər sırasındadır. Belə nümunələr çoxdur. Bir sözlə, biz qardaşlığımızı sözdə deyil, əməldə sübut edirik. Azərbaycan zəlzələ baş verən ilk andan Türkiyəyə lazımi dəstəyin göstəriləcəyini bəyan edib və bunu həyata keçirməkdədir.
“Türkiyə dövlətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi çevik, ardıcıl addımlar bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün ən əsas məsələdir. Əminik ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq. Türkiyə dövlət və xalq olaraq bu çətinliyin öhdəsindən gələcək”, - deyə Jalə Əliyeva bildirib.