Deputat: Türkiyə dünya miqyasında Azərbaycanın ən böyük dəstəkçisidir
Bakı, 17 avqust, AZƏRTAC
Milli Məclisin deputatı Könül Nurullayeva Türkiyə portalına Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, deputat www.sabah.com.tr portalına açıqlamasında əsas diqqəti Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafına yönəldib. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etməsinin əhəmiyyətini vurğulayan K.Nurullayeva deyib: “Dövlət başçılarımızın da hər zaman qeyd etdikləri kimi, Azərbaycanla Türkiyə arasında hər hansı bir problem ola bilməz. Biz, eyni zamanda, bütün beynəlxalq təşkilatlar çərçivəsində də vahid mövqedən çıxış edirik. Azərbaycan Prezidenti İlham Əliyevin də hər zaman vurğuladığı kimi, biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda fəal işbirliyi aparmaqla bir-birimizin gücünü artırırıq. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun ilk rəsmi səfərini qardaş ölkəyə etməsinə gəlincə, bu, yüksək səviyyəli münasibətlərin növbəti nümunəsidir. Nazirlər arasında baş tutan görüşdə tərəflər münasibətlərin daha da genişləndirilməsi perspektivlərini müzakirə etdilər. Həm Bakı, həm də Ankara mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatlarda bundan sonra da davam etdirilməsində maraqlıdır".
Deputat, həmçinin qardaş ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə də toxunub. Bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi hər zaman prinsipial və ədalətli olub. Nazirlərimiz arasında aparılan müzakirələrdə də qeyd olundu ki, beynəlxalq birliyin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin ciddi səy göstərmələri tələb olunur: “Bu, həm də Minsk qrupunun üzvü kimi Türkiyənin qətiyyətinin göstəricisidir. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşdə növbəti dəfə ölkəmizə dəstəyini ifadə etdi. O dedi ki, hər nə olursa olsun, Türkiyə Azərbaycanın yanındadır. M.Çavuşoğlunun “Qardaş Azərbaycan hansı həll yoluna qərar verəcəksə, onun yanında olacağıq” söyləməsi bir daha ölkələrimiz arasında siyasi sahədə həmrəyliyin ən yüksək səviyyədə davam etdiyini göstərir”.
K.Nurullayeva diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə rəsmiləri həmrəy olduqlarını bu günə qədər davamlı surətdə göstəriblər, beynəlxalq qurumlarda və təşkilatlarda bu həmrəylik davam etdirilir. Bu gün qardaş Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin rəsmiləri bütün platformalarda münaqişənin həlli ilə bağlı Azərbaycana dəstək ifadə edirlər.
“Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı da birmənalı şəkildə Türkiyə dövlətinin və xalqının yanındadır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, elə bir məsələ olmayıb və olmayacaq ki, Azərbaycan Türkiyəyə öz dəstəyini göstərməsin. Çünki Azərbaycan-Türkiyə birliyi əbədidir və biz öz gələcəyimizi bu möhkəm təməl üzərində inkişaf etdiririk”, - deyə Könül Nurullayeva açıqlamasında bildirib.